WordPress dünyada ən populyar sayt platformasıdır: internetdəki saytların 40%-dən çoxu onunla qurulub. Amma WordPress-in sürəti və təhlükəsizliyi böyük ölçüdə hostinqdən və SSL-in düzgün qurulmasından asılıdır. Bu yazıda hər ikisini praktik tərəfdən izah edirik.
WordPress-ə hansı hostinq lazımdır?
WordPress PHP və MySQL ilə işləyir, ona görə texniki cəhətdən demək olar ki, istənilən müasir hostinqdə açılır. Fərq detallardadır:
- Sürət. Hər səhifə açılanda WordPress verilənlər bazasına bir neçə sorğu göndərir. Server yaxında olanda və resurslar kifayət edəndə sayt tez açılır. Auditoriyanız Azərbaycandadırsa, Azərbaycanda yerləşən server üstünlükdür.
- Bir kliklə quraşdırma. cPanel-də WordPress-i bir neçə dəqiqəyə, kod yazmadan quraşdırmaq olur.
- Backup. Plagin və ya mövzu yeniləməsi bəzən saytı sındırır. Müntəzəm backup saytı bir neçə dəqiqəyə əvvəlki vəziyyətinə qaytarmağa imkan verir.
- Onlayn mağaza üçün ehtiyat resurs. WooCommerce adi saytdan daha çox yaddaş və disk istəyir: məhsul şəkilləri, sifarişlər, müştəri hesabları.
SSL nədir və niyə mütləqdir?
SSL sertifikatı ziyarətçinin brauzeri ilə sizin server arasındakı əlaqəni şifrələyir. Bunun nəticəsində sayt https:// ilə açılır və ünvan zolağında qıfıl işarəsi görünür.
- Təhlükəsizlik. Giriş şifrələri, əlaqə formaları və sifariş məlumatları şifrələnmiş halda ötürülür, yolda oğurlana bilmir.
- Etibar. Chrome və digər brauzerlər SSL-siz saytları "təhlükəsiz deyil" kimi göstərir. Belə xəbərdarlığı görən ziyarətçi çox vaxt saytı tərk edir.
- SEO. Google HTTPS-i axtarış nəticələrində sıralama siqnalı kimi nəzərə alır.
- Onlayn ödəniş. Ödəniş sistemlərinin əksəriyyəti SSL-siz saytla işləmir.
Yaxşı xəbər: SSL üçün əlavə pul ödəmək lazım deyil. Line Services-in bütün paketlərinə pulsuz Let's Encrypt sertifikatı daxildir. Sertifikat avtomatik quraşdırılır və müddəti bitməzdən əvvəl avtomatik yenilənir.
WordPress-də HTTPS-ə düzgün keçid
Sertifikat quraşdırılandan sonra WordPress-in də HTTPS-dən istifadə etdiyinə əmin olun:
- Sayt ünvanlarını yeniləyin. Parametrlər → Ümumi bölməsində "WordPress ünvanı" və "Sayt ünvanı" sahələrini https:// ilə yazın.
- HTTP-dən HTTPS-ə 301 yönləndirmə qurun. Beləliklə köhnə linklər və axtarış sistemləri avtomatik təhlükəsiz versiyaya keçir.
- "Qarışıq məzmunu" (mixed content) düzəldin. Səhifədə hələ də http:// ilə yüklənən şəkil və ya skript varsa, brauzer qıfılı göstərməyə bilər. Məqalələrdəki köhnə linkləri axtar-əvəz et plagini ilə yeniləyin.
- Google Search Console-da yoxlayın. Saytın HTTPS versiyasını əlavə edin və sitemap-i yenidən göndərin.
WordPress təhlükəsizliyi: qısa yoxlama siyahısı
- WordPress nüvəsini, mövzunu və plaginləri vaxtında yeniləyin.
- Yalnız etibarlı mənbələrdən və həqiqətən lazım olan plaginləri quraşdırın. İstifadə etmədiklərinizi silin.
- İdarəçi hesabı üçün "admin" adından istifadə etməyin, güclü şifrə və iki mərhələli giriş (2FA) qurun.
- Hər əməkdaşa yalnız lazım olan səviyyədə giriş hüququ verin.
- Backup-ların həqiqətən alındığını və onlardan bərpa etməyin mümkün olduğunu vaxtaşırı yoxlayın.
Hansı WordPress paketi sizə uyğundur?
| Sadə Paket | WooCommerce | Ultimate Paket | |
|---|---|---|---|
| Kimə uyğundur | Şirkət saytı, bloq, portfolio | Onlayn mağaza | Bir neçə sayt, agentliklər |
| Sayt sayı | 1 | 1 | Limitsiz |
| Disk sahəsi | 10 GB | 50 GB | 100 GB |
| E-poçt ünvanı | 5 | 20 | 50 |
| Backup | Ayda 1 dəfə | Həftədə 1 dəfə | Gündəlik |
| Dəstək | Email, 7/24 çat | Email, 7/24 çat, şəxsi asistent | |
| Qiymət | 5.99 ₼/ay | 13.99 ₼/ay | 24.99 ₼/ay |
Bütün paketlərdə pulsuz SSL, limitsiz trafik, antivirus və firewall var, illik ödənişdə 2 ay pulsuzdur. Ətraflı: WordPress Hostinq.
Nəticə
Sürətli və etibarlı WordPress saytı üçün üç şey vacibdir: yaxında yerləşən keyfiyyətli hostinq, düzgün qurulmuş SSL və müntəzəm backup. Bunları əvvəldən düzgün qursanız, sonradan çox vaxt və pula qənaət edəcəksiniz. Hostinq seçimi haqqında ümumi məlumat üçün hostinq nədir və necə seçilir yazımızı da oxuyun.